Вы здесь

Gənc azərbaycanli mütəxəssislər Almaniya muzeylərində təcrübə mübadiləsi keçiblər

Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən Göygöl şəhərində Azərbaycanda Qafqaz Almanları Muzeyinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Muzeyin yaradılması vaxtı ilə orada yaşamış almanların ölkənin mədəni-iqtisadi həyatında oynadıqları rolu tədqiq etməklə yanaşı, regionda turizm sektorunun, eyni zamanda, Almaniya ilə Azərbaycan arasında əlaqələrinin inkişafı baxımından da son dərəcə maraqlı və əhəmiyyətlidir.

Berlin Humboldt Universitetindən AZƏRTAC-a bildiriblər ki, keçən ildən etibarən bu layihənin həyata keçirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, muzey binası üçün Göygöldə alman xalqının sonuncu nümayəndəsi olan mərhum Viktor Klaynın evi nazirliyin sərəncamına verilib və burada yüzlərlə eksponat toplanıb. Almaniya Federativ Respublikasının Beynəlxalq Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə hazırda muzeyin ərsəyə gəlməsi üçün zəruri hazırlıq işləri davam etdirilir. Almaniyanın Elmi və Mədəni Araşdirmalar Mərkəzi (AvroQafAziya) tərəfindən muzeyin elmi konsepsiyası hazırlanaraq Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva Maria Auxun iştirakı ilə bu il fevralın sonunda Mədəniyyət və Turizm Nazirliyində təqdimatı keçirilib.

Tədbirdə iştirak edən nazir Əbülfəs Qarayev, Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel, həmҫinin nazirliyin mütəxəssisləri konsepsiyanı yüksək qiymətləndiriblər. Eyni zamanda, layihə əsasında bu muzey üçün mütəxəssislərin hazırlanması prosesinə də start verilib.

Bu ilin martında muzeyin gələcək əməkdaşı Alina Əliyeva Almaniyanın bir sıra şəhərlərində müvafiq muzeylərdə ustad dərslərinə cəlb olunaraq təcrübə mübadiləsi keçiblər. AvroQafAziya Mərkəzinin təşkil etdiyi bu səfər zamanı onlar iki həftə ərzində Ştutqart, Roytlinqen, Detmold, Betsinqen, Boyren və başqa şəhərlərdə Almaniyada muzey işinin müxtəlif aspektləri və istiqamətləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Alman həmkarları öz təcrübələrini böyük məmnuniyyətlə azərbaycanlı qonaqlarla bölüşüblər.

Roytlinqen şəhər diyarşünaslıq muzeyinin direktoru Dr.Ştröbelenin və Detmold şəhərindəki Rusiya Almanlarının Mədəniyyət Tarixi muzeyinin direktoru xanım Dr.Katharina Noyfeldin muzey işi sahəsindəki yüksək peşəkarlığı azərbaycanlı gənc muzey mütəxəssislərində unudulmaz təəssürat yaradıb.

Azərbaycanlı mütəxəssisləri bu təcrübə səfərində Almaniyada yaşayan həmyerlimiz, AvroQafAziya Mərkəzinin icraçı direktoru, Berlin Humboldt Universitetinin dosenti Dr.Rasim Mirzəyev müşayiət edib. O, AZƏRTAC-ın müxbirinə bildirib ki, mərkəz elm və mədəniyyətin müxtəlif sahələrində çalışan gənc azərbaycanlı kadrların Almaniyada ustad dərsləri keçməsinə bundan sonra da şərait yaradacaq, bu dərslərə, eyni zamanda ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən muzey əməkdaşları da cəlb ediləcək.

Azərbaycanlı mütəxəssislər səfər zamani Almaniya parlamentinin üzvü Heynrix Sertiklə də görüşüblər. Bundestaqın deputatı Azərbaycanda alman mədəni irsinin qorunması ilə baĝlı görülən işləri yüksək dəyərləndirərək bu qəbildən birgə layihələrdə şəxsən iştirak etmək istəyini bildirib.

Bakı, 31 mart, AZƏRTAC

Разделы блога: